Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.